Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid polkovnik-leytenant Cəfərov Zaur Hüseyn oğlunun ailəsini ziyarət edib.
11 aprel 2026 | 09:58
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev şəhid polkovnik-leytenant Cəfərov Zaur Hüseyn oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Onların xatirəsinin hər zaman yaşadılacağı bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Cəfərov Zaur Hüseyn oğlu 04 mart 1980-cı ildə Kəlbəcər rayonunda anadan olmuşdur. İbtidai təhsilinə 1986-ci il indiki şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlamışdır. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində indi şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurmuşdur. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil almışdır. 2001-ci ildə ali hərbi məktəbi bitirərək həmin il Müdafiə Nazirliyinin əmrinə əsasən leytenant rütbəsi ilə bitirib. Leytenant Zaur Cəfərova Dövlət Attestasiya Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə "raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı" ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 01.10.2001-ci il tarixindən 28.07.2002-ci il tarixinə kimi fəaliyyət göstərən zabit ixtisas kursundan keçmişdir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 12.05.2003-cü il tarixindən 25.06.2003-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya batareya komandiri kursunu, 14.11.2005-ci il tarixindən 17.12.2005-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini kursunu, 01.09.2008-ci il tarixindən 11.10.2008-ci il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun qərargah rəisi - divizion komandirinin müavini kursunu, 03.02.2014-cü il tarixindən 15.03.2014-cü il tarixinə kimi fəaliyyət göstərən artilleriya divizionunun komandiri kursunu müvəffəqiyyətlə bitirmişdir.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0109t №-li 26 iyun 2008-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı ilə, 26 iyun 2014-cü il tarixli 0199t №-li əmri ilə "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə və 0204t №-li əmri ilə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalları ilə təltif olunmuşdur.
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər zamanı Zaur Cəfərov yaxından iştirak edirdi. Gecə döyüşləri zamanı Cəbrayıl rayonunun Lələtəpə istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Lələtəpə zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 087t №-li 12 may 2016-cı il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının İxtisaslaşdırılmış Elmi Şurasının 16 iyun 2016-cı il tarixli qərarı ilə "hərbi və dövlət müdafiəsini idarəetmə" ixtisasının "hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir. Təhsilini bitirdikdən sonra ona polkovnik-leytenant rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi" yubiley medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə 2020-ci il 25 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutulması zamanı Zaur Cəfərov "N" saylı hərbi hissənin qərargah rəisi idi və döyüşlərdə yaxından iştirak edirdi.
Z.Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. Oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən minaya düşərək şəhid olmuşdur. Zaur Cəfərov 19.10.2020-ci il tarixdə Bakı şəhəri II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir..






