Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Qabilov İsmayıl Əli oğlunun ailəsini ziyarət edib.
16 fevral 2026 | 09:15
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov,Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Qabilov İsmayıl Əli oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Onların xatirəsinin hər zaman yaşadılacağı bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Qabilov İsmayıl Əli oğlu 15 iyul 1983-cü ildə Kəlbəcər rayonunun Mozqaraçanlı kəndində anadan olub. 1990-cı ildə Kəlbəcər şəhər Mozqaraçanlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub.
1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Qabilovlar ailəsi Gəncə şəhərində yaşamağa başlayıblar. Orta təhsilini Gəncə şəhər 8 saylı tam orta məktəbdə davam etmişdir. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Ağdam rayon N saylı hərbi hissədə hərbi xidmətini başa vuran İsmayıl Qabilov hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. Azərbaycan Ordusunun çavuşu olan İsmayıl Qabilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Sentyabrın 27-i Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi. Uzun müddətdən sonra nəşi tapılaraq ailəsinə təhvil verilmişdir. 05 dekabr 2020-ci il tarixində Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Kəlbəcərin azad olunması” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.






