Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Salmanov Elçin Habil oğlunun ailəsini ziyarət edib.
19 fevral 2026 | 09:41
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Salmanov Elçin Habil oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Onların xatirəsinin hər zaman yaşadılacağı bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Elçin Habil oğlu Salmanov 27 sentyabr 2001-ci il tarixində Yevlax şəhərində anadan olub.
Elçin Salmanov ilk ibtidai təhsilini Yevlax şəhər məktəblərində alsada, sonradan təhsilini Kəlbəcər rayon 30 saylı tam orta məktəbdə davam etdirir. 2019-cu il oktyabr ayında hərbi xidmətə yollanan Elçin Salmanov xidmətinə Ağdam və Xocavənd istiqamətində başlayır. 27 sentyabr 2020-ci il tarixində başlamış İkinci Qarabağ müharibəsi zamanı Elçin Salmanov da döyüşlərə qatılır və Xocavəndin azad olunmasında ştirak edir. Vətənə bağlılıq və milli-mənəvi dəyərlərə sədaqət Elçinin şəxsi keyfiyyətlərini formalaşdıran əsas meyarlar olmuşdur. 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsində iştirak edən Elçin Habil oğlu, döyüş bölgələrindəki strateji mövqelərin azad olunmasında xüsusi rol oynamışdır. Daha sonra 2022-ci ildə Ermənistanla sərhəddə keçirilən Cermuk əməliyyatında və 2023-cü ilin sentyabr ayında Qarabağda keçirilmiş lokal antiterror tədbirlərində iştirak etmişdir.
21 sentyabr 2023-cü il tarixində Ağdərə rayonu istiqamətində aparılan döyüş əməliyyatları zamanı göstərdiyi qəhrəmanlıq nəticəsində şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Elçin Salmanov 22 sentyabr 2023-cü il tarixində Yevlax şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılmışdır. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən müharibəsi iştirakçısı” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Vətən uğrunda” medalı (ölümündən sonra) və 3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni (olümündən sonra) ilə təltif olunmuşdur.






