Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Şəfiyev Daşqın Hidayət oğlunun ailəsini ziyarət edib.
12 fevral 2026 | 17:34
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov,DTX-nin Kəlbəcər rayon şöbəsinin rəisi Müşfiq Mürsəlov və Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Şəfiyev Daşqın Hidayət oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Onların xatirəsinin hər zaman yaşadılacağı bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Şəfiyev Daşqın Hidayət oğlu 22 avqust 1989-cu ildə anadan olub. 1995-ci ildə Samux rayon orta məktəbinin 1-ci sinifinə daxil olub. 2006-cı ildə orta məktəbi bitirib.
Həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2008-ci ildə Müdafiə Nazirliyinin N saylı hərbi hissədə hərbi xidmətini başa vuran Daşqın Şəfiyev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarına könüllü olaraq qatılıb. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 05 noyabr 2020-ci il tarixdə Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 06 noyabr 2020-ci il tarixdə Samux rayon Seyidlər kəndində dəfn edilib. 15 dekabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və "Qubadlının azad olunmasına görə" medalları ilə, 3-cü dərəcəli “Vətənə Xidmətə görə” Ordeni təltif edilmişdir.






