Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid Tağıyev Eşqin Asif oğlunun ailəsini ziyarət edib.

01 fevral 2026 | 10:06
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi, polkovnik Zöhrab Camalov və Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Tağıyev Eşqin Asif oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə və lokan antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Eyni zamanda bildirilib ki, onların əziz xatirəsi hər zaman anılacaq, xalqımız və dövlətimiz tərəfindən unudulmayacaqdır.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Tağıyev Eşqin Asif oğlu 18 mart 1998-ci ildə Daşkəsən rayonunun Zəylik kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2003-cü ildə Tağıyevlər ailəsi Göygöl rayonunun Üçtəpə kəndində məskunlaşıblar. 2004-cü ildə Göygöl rayonunda yerləşən Kəlbəcər 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2015-ci ildə orta məktəbi bitirib.
2016-cı ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2017-ci ildə hərbi xidmətini başa vuran Eşqin Tağıyev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2018-ci ildən etibarən Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərmişdir.
27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında XTQ-nin dəstəsində Xocavənd-Xankəndi istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. 30 oktyabr 2020-ci il tarixdə Xocavənd-Xankəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi. 01 noyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları,"Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir.
Keçidlər