Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop ilə görüş keçirib
18 aprel 2023 | 00:18
Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən görüşdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və Hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.
Görüşdə ilk öncə Türkiyədə baş verən dəhşətli zəlzələnin qurbanlarına bir daha Allahdan rəhmət, yaralılara şəfa diləyən Azər Qocayev bildirib ki, iki dost və qardaş ölkənin hər vəziyyətdə bir-birinə dəstək olması, dövlətlərarası, xalqlararası münasibət, tarixi kökləri və dəyərləri olan bu qardaşlıq bütün dünyaya örnəkdir.
Baş konsul Recep Öztop təşəkkürünü ifadə edərək Türkiyə-Azərbaycan qardaşlığının istər hökümətlərarası, istərsə də xalqlararası münasibətlər sistemində sarsılmaz dəyərə malik olduğunu dilə gətirib.
Görüş çərçivəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və dəmir yumruğu hesabına, rəşadətli ordumuzun qəhrəmanlığı ilə silahlı qüvvələrimizin 44 günlük şanlı Zəfər tarixi yazmış qələbəmizdən bəhs edilərək, Baş konsula Kəlbəcər rayonu haqqında geniş məlumatlar verilmiş, Kəlbəcərə qayıdışdan söz açılmışdır.
Eyni zamanda RİH Başçısı tərəfindən Baş konsula bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə "Heydər Əliyev İli" elan edilib. Bu baxımdan, il ərzində Kəlbəcər rayonunda bir çox tədbirlər həyata keçiriləcək ki, bu tədbirlərdə Recep Öztop və Baş konsulluğun əməkdaşlarını da görməkdən məmnun olarıq.