Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov şəhid Abdullayev Həsən Aydın oğlunun ailəsini ziyarət edib.
01 aprel 2026 | 13:08
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Prokuroru İlkin İsmayılov, Kəlbəcər RİH-in məsul əməkdaşları şəhid Abdullayev Həsən Aydın oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tariximizə və lokal antiterror əməliyyatlarına nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Onların xatirəsinin hər zaman yaşadılacağı bildirilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Abdullayev Həsən Aydın oğlu 15 oktyabr 1990-cı ildə Kəlbəcər rayonunun Zivel kəndində anadan olub. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Abdullayevlər ailəsi İsmayıllı rayonunun Quşencə kəndində yaşamağa başlayıblar. Orta məktəbi İsmayıllı rayonunun Quşencə kəndində oxuyub. Orta məktəbi bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində hərbi xidmətini başa vuran Həsən Abdullayev hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Həsən Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Həsən Abdullayev oktyabrın 2-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Subay idi. 02 oktyabr 2020-ci ildə İsmayıllı rayonu, Quşencə kəndində dəfn edilib.
15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.






