Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbin akt zalında “Erkən nikah və onun fəsadları” və “Məişət zorakılığı nədir?” mövzusunda maarifləndirici tədbir keçirilib.
10 oktyabr 2025 | 11:40
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri üzrə məsul katib Oktay Cabbarov, Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov və məktəb rəhbərliyi, şagirdlər iştirak etdilər.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı aparatının Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev “Erkən nikah və onun fəsadları”, “Məişət zorakılığı nədir?” başlıqlı çıxışlarla tədbir iştirakçılarını geniş şəkildə məlumatlandırıb.
Natiqlər vurğulayıb ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nikah hallarının baş verməsidir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır.
Əlavə olaraq bildirilib ki, məişət zorakılığına qarşı mübarizə bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problemdir. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir.






