Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sağlam həyat tərzi və davranış risk amilləri” mövzusunda maarifləndirici tədbir keçirilib
Tədbir Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsi (PHŞ)-n inzibati binasında təşkil olunub. Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin sektor müdiri Heydər Bəylərov, hüquq və kadr məsələləri sektorunun müdiri Faiq Mehdiyev, Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsi (PHŞ)-n müdiri Ənvər İmaməliyev, tibb işçiləri və digər iştirakçılar iştirak ediblər.
Tədbirin əsas məqsədi sağlam həyat tərzinin təşviqi, insan sağlamlığına mənfi təsir göstərən davranış risk amilləri barədə məlumatlılığın artırılması, zərərli vərdişlərin qarşısının alınması və xəstəliklərin profilaktikası istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi olub.
Çıxışlar zamanı Azərbaycanda əhalinin sağlamlığının qorunmasının, səhiyyə sisteminin inkişafının və sağlam həyat tərzinin təşviqinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətində insanların sağlamlığının qorunmasına, səhiyyənin inkişafına və idmanın kütləviləşdirilməsinə xüsusi əhəmiyyət verildiyi qeyd olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə infrastrukturunun müasirləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, idmanın inkişafı və əhalinin sağlam həyat tərzinə təşviq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu siyasət insanların sağlamlığının qorunmasına, fiziki fəallığın artırılmasına və sağlam cəmiyyətin formalaşdırılmasına xidmət edir.
Həmçinin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səhiyyə və sosial sahələrdə həyata keçirdiyi layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Fondun tibbi xidmətlərin yaxşılaşdırılmasına, müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların dəstəklənməsinə və əhalinin sağlamlığının qorunmasına yönəlmiş təşəbbüslərinin cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Daha sonra sağlam həyat tərzinin qorunmasının hər bir insanın gündəlik həyatında mühüm yer tutduğu bildirilib. Düzgün və balanslı qidalanma, müntəzəm fiziki aktivlik, şəxsi gigiyena qaydalarına riayət edilməsi, zərərli vərdişlərdən uzaq durulması və vaxtında tibbi müayinələrdən keçməyin sağlamlığın qorunmasında mühüm rol oynadığı qeyd olunub.
Tədbir zamanı siqaret və digər zərərli vərdişlərin, qeyri-sağlam qidalanmanın, fiziki aktivliyin məhdud olmasının və digər davranış risk amillərinin insan sağlamlığına mənfi təsirləri barədə məlumat verilib. Bu risklərin azaldılmasında profilaktik tədbirlərin, tibbi maarifləndirmənin və sağlam vərdişlərin gündəlik həyat tərzinə çevrilməsinin vacibliyi vurğulanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, sağlamlığın qorunması və xəstəliklərin profilaktikası ilə bağlı fikir mübadiləsi aparılıb. Sağlam həyat tərzinin təbliği və əhalinin sağlamlıqla bağlı məlumatlılığının artırılması istiqamətində maarifləndirici tədbirlərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.






