Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Sülh Aylığı” çərçivəsində İdarə və müəssisələrdə tədbirlər həyata keçirilib
Hər il sentyabrın 21-i dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1981-ci ildə qəbul etdiyi qətnamə ilə təsis edilib. 2001-ci ildə isə 21 sentyabr Beynəlxalq Sülh Gününün daimi tarixi müəyyənləşdirilərək qlobal atəşkəs və zorakılıqdan imtina günü elan olunub.
Sülh yalnız müharibənin olmaması deyil, eyni zamanda insanların təhlükəsiz və ləyaqətli şəraitdə yaşaması, insan hüquqlarına hörmət, qarşılıqlı anlaşma, tolerantlıq və dialoq mədəniyyətinin möhkəmləndirilməsidir. Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr və humanitar böhranlar sülhün qorunmasının və bu dəyərlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini daha da artırır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 2026-cı il 21 avqust – 21 sentyabr tarixləri ölkədə “Sülh Aylığı” elan edilib. Aylığın əsas məqsədi sülh və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşmanın təşviq edilməsidir.
“Sülh Aylığı” çərçivəsində Kəlbəcər rayonunda da silsilə maarifləndirici tədbirlər keçirilib. Müxtəlif müəssisə və təşkilatlarda təşkil olunan görüşlərdə sülhün, insan hüquqlarının, qarşılıqlı hörmətin və tolerantlığın əhəmiyyətindən danışılıb, xüsusilə gənclərin sülh və humanizm dəyərləri ruhunda yetişdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Keçirilən tədbirlər zamanı cəmiyyətdə həmrəyliyin, qarşılıqlı anlaşmanın və dinc birgəyaşayış mədəniyyətinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. İnsan hüquqlarına və insan ləyaqətinə hörmətin, ayrı-seçkiliyə və zorakılığa qarşı mübarizənin davamlı sülhün əsas şərtlərindən olduğu bildirilib.
21 Sentyabr – Beynəlxalq Sülh Günü bütün dünyada sülh, qarşılıqlı hörmət və təhlükəsiz gələcək naminə birgə səylərin əhəmiyyətini bir daha xatırladır.






