Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq hüquqlarının qorunması və təmin edilməsi – sağlam gələcəyin təməli” mövzusunda maarifləndirici tədbir keçirilib
Uşaq Hüquqları Aylığı çərçivəsində Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kəlbəcər rayon 55 nömrəli tam orta məktəbin inzibati binasında “Uşaq hüquqlarının qorunması və təmin edilməsi – sağlam gələcəyin təməli” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Oqtay Cabbarov, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Mübariz Cəbrayılov, Hüquq və kadr məsələlər sektorunun məsləhətçisi Hikmət İsmayılov,təhsil işçiləri və məktəblilər iştirak ediblər.
Tədbir iştirkaçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Çıxışlarda uşaqların hüquq və azadlıqlarının qorunmasının, onların sağlam, təhlükəsiz və əlverişli mühitdə böyüməsinin, keyfiyyətli təhsil almasının və hərtərəfli inkişafının cəmiyyət qarşısında mühüm vəzifələrdən biri olduğu vurğulanıb.
Bildirilib ki, uşaqların hüquqlarının müdafiəsi, onların qanuni mənafelərinin təmin edilməsi və zorakılığın, ayrı-seçkiliyin, eləcə də hüquq pozuntularının qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin aparılması xüsusi əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud qanunvericiliyin tələbləri, valideynlərin və təhsil müəssisələrinin məsuliyyəti, uşaqların cəmiyyətdə fəal iştirakının təşviqi məsələləri diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.






