Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin və “Başlıbelin inkişafına dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Kəlbəcər rayonunun Başlıbel kəndində törədilmiş qətliama həsr olunan “Başlıbel qətliamı-30 il” adlı anım tədbiri keçirilib.

18 aprel 2023 | 00:46
Kəlbəcər rayon İcra Hakimiyyətinin və “Başlıbelin inkişafına dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan anım mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH əməkdaşları,idarə,müəssisə rəhbərləri, rayon ağsaqqalları və ziyalıları, Başlıbel kənd sakinləri, şəhid ailələri,qazilər və Başlıbel qətliamının şahidləri iştirak edib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “Başlıbelin inkişafına dəstək” ictimai birliyinin sədri Vüqar Həşimov və İctimai Birliyin üzvləri, Regional insan hüquqları və Media Mərkəzinin sədri “Başlıbel faciəsi: erməni vəhşiliyi şahidlərin dili ilə” kitabının müəllifi Xalid Kazımov, jurnalist “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov, şair Ələkbər Sönməz, Başlıbel ziyalısı Arif Süleymanov, “Başlıbelin inkişafına dəstək” İctimai Birliyinin sədr müavini Nurəddin Həşimov, Qarabağ müharibəsi veteranı Natiq Salahov, jurnalist Zülfüqar Ələsgərov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov,Millət Vəkili Aqil Məmmədov çıxış ediblər. Başlıbeldə ermənilərin törədikləri vəhşilikdən söhbət açan natiqlər bildiriblər ki, Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini kənd ərazisindəki kahalara sığınıblar. Amma Ermənistan Silahlı Qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni hərbçiləri qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıblar. Başlıbelin işğalı zamanı ermənilər tərəfindən 27 nəfər güllələnib.
Başlıbel qətliamından geniş məlumatlar verən natiqlər eyni zamanda bildiriblər ki, 2020-ci ilin 27 sentyabrında başlanan ikinci Qarabağ müharibəsi 25 noyabrda Kəlbəcər rayonunun və Başlıbel kəndinin də işğaldan azad edilməsi ilə nəticələnib. İşğaldan azad olunmasından sonra Başlıbel kəndində kütləvi qətliam zamanı qətlə yetirilən 12 nəfərin cəsədi 2021-ci il aprelin 24-də ekskumasiya olunraq Bakıya – Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib və müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanları 2021-ci ilin sentyabrın 3-də mühasirədə qalan kənd sakinlərinin dəfn etdikləri ərazidə torpağa tapşırılıblar.
Anım tədbirində “Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin və Başlıbel sakinlərinin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciəti qəbul edilib.
Yekunda Kəlbəcər rayon icra Hakimiyyətinin başçısı Azər Qocayev Başlıbel qətliamının necə baş verdiyi, qətliamın tanıdılması istiqamətində indiyə qədər həyata keçirilən fəaliyyət, bundan sonrakı dövrdə atılması vacib olan addımlar haqqında çıxış edib. RİH başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və dəmir yumruğu hesabına, rəşadətli orumuzun qəhrəmanlığı ilə silahlı qüvvələrimiz 44 günlük şanlı Zəfər tarixi yazmış və düşmən tapdağında olan torpaqlarımız azad edilmişdir. Vətən müharibəsindən sonra Erməni vandalizmindən dağlara,kahalara sığınaraq oradaca şəhid olan Başlıbel sakinlərinin nəşləri müəyyən edilərək oradaca dəfn edilmişdir.Bu gün Başlıbellilər öz doğma kəndlərini ziyarət edərək, orada şəhid olan əzizlərini ziyarət edirlər. Bundan sonra bizim vəzifələrimizdən biri bu qətliamları dünya ictimaiyyətinə çatdırmaq, cinayətkarların cəzalandırılmasına nail olmaqdır.
Başlıbel ziyalıları, sakinləri və hadisə qurbanlarının yaxınları onlara göstərilən diqqət və qayğıya,həmçinin bu faciəyə dövlət səviyyəsində verilən hüquqi qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Keçidlər