Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunda 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.

14 iyun 2024 | 17:04
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümumilli lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və dövlətçiliyimizin qüdrətlənməsində misilsiz xidmətlərindən bəhs edən sənədli film nümayiş etdirilib.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, Prezident cənab İlham Əliyevin Ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırmışdır. Eyni zamanda vurğulanmışdır ki, çox da uzaq olmayan həmin dövrü xatırlayanda bir daha aydın olur ki, tamamilə ümidsiz, çıxılmaz vəziyyətdə olan Azərbaycan dövlətçiliyi xalqın böyük oğlu, dünyada fenomen şəxsiyyət kimi qəbul edilmiş Ulu Öndər Heydər Əliyevin ağılı, zəkası ilə xilas oldu, dirçəldi və inkişaf etdi. Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir və bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması və bugünkü Zəfərlə nəticələndiyini vurğulamışdır.
Digər çıxış edən natiqlər Şaban Qurbanov, İbrahim Sadıqov və Rəna Nadirova vurğulayıblar ki, 2020-ci ildə qazandığımız Zəfər məhz 15 iyun 1993-cü ildən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Bu Zəfər çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Natiqlər həmçinin bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Tədbirin sonunda Kəlbəcər rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs 15 İyun - Milli Qurtuluş günü münasibəti ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev tərəfindən “Fəxri Fərmanla”təltif edilib.
Keçidlər