Kəlbəcər rayonunda 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
15 iyun 2023 | 10:33
Kəlbəcər rayon İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayonu üzrə mədəniyyət nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümumilli lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və dövlətçiliyimizin qüdrətlənməsində misilsiz xidmətlərindən bəhs edən sənədli film nümayiş etdirilib.
Daha sonra çıxış edən natiqlər Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, Prezident cənab İlham Əliyevin Ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırmışdır. Eyni zamanda vurğulanmışdır ki, çox da uzaq olmayan həmin dövrü xatırlayanda bir daha aydın olur ki, tamamilə ümidsiz, çıxılmaz vəziyyətdə olan Azərbaycan dövlətçiliyi xalqın böyük oğlu, dünyada fenomen şəxsiyyət kimi qəbul edilmiş Ulu Öndər Heydər Əliyevin ağılı, zəkası ilə xilas oldu, dirçəldi və inkişaf etdi. Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir və bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması və bugünkü Zəfərlə nəticələndiyini vurğulamışdır. 2020-ci ildə qazandığımız Zəfər məhz 15 iyun 1993-cü ildən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Bu Zəfər çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Natiqlər həmçinin bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Tədbir bayram konserti ilə davam etmişdir.