Kəlbəcər SMSİİ-də 27 sentyabr Anım Günü” ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan İdarə rəisi Azər Xankişiyev bildirib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Ordumuz 30 ilə yaxın erməni qəsbkarlarının tapdağında qalmış torpaqlarımızı işğaldan azad etmişdir. Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Bu qələbənin əldə olunmasında qəhrəman Azərbaycan əsgərinin göstərdiyi igidlik, şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillərə örnək olacaqdır.
Daha sonra tədbirdə çıxış edən Kəlbəcər Rayonu İcra Hakimiyyətinin məsul əməkdaşları Vüsal Quliyev, Vüsal Yusifov, İdarənin Baş mühəndisi Xəyal Bağırov və idarənin digər əməkdaşları 44 günlük Vətən Müharibəsi nəticəsində əldə olunmuş böyük qələbədən, bu qələbəyə aparan yoldan, hazırda işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən nəhəng quruculuq işlərindən, insanların öz dədə-baba yurdlarında məskunlaşmasından danışıblar.
Qeyd olunub ki, işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Anım Günü şəhidlərimizin müqəddəs xatirəsinin uca tutulduğu, onların ruhuna ehtiramla baş əydiyimiz gündür. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.






