Kəlbəcərdə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
20 oktyabr 2022 | 18:23
Oktyabrın 20-də Gəncə Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon Mədəniyyət sarayında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Gəncə şəhərində ucaldılmış abidəsi və Kəlbəcər şəhidlərinin abidə kompleksi ziyarət olunub, onların əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə məruzə ilə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış partiyadır. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçdiyini deyən H.Misirov vurğulayıb ki, bu gün Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən güclü siyasi qüvvəsidir. “Azərbaycan xalqı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti tam dəstəkləyir. Regionun güc mərkəzinə çevrilən Azərbaycan dövlətinin nailiyyətlərinin arxasında vətəndaş həmrəyliyi və uğurlu dövlət siyasəti dayanır. 44 günlük Vətən müharibəsinin möhtəşəm zəfərimizlə başa çatmasının əsasında da məhz bu həmrəylik və vətəndaşlarımızın Prezident, Ali Baş Komandan, partiyamızın Sədri İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləməsi dayanır”, - deyən H.Misirov YAP Kəlbəcər rayon təşkilatının fəaliyyəti haqqında da ətraflı məlumat verib. Qeyd edib ki, hazırda ərazi təşkilatlarının sayı 20-yə, üzvlərinin sayı isə 4 200 nəfərə çatıb.
Çıxış edən rayonun hörmətli ziyalısı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov qeyd edib ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur. O, qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov çıxış edərək bildirib ki, YAP Ümummilli Lider Heydər Əliyev ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verib.
Milli Məclisin deputatı Aqil Məmmədov də çıxışında YAP-ın ölkəmizin ictimai-siyasi həyatında rolundan danışaraq partiyamızın alternativsiz siyasi qüvvə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün sıralarında 700 mindən çox insanı özündə birləşdirən partiyamız gücünü xalqdan alır.
Tədbirdə, həmçinin “Vətən müharibəsi qəhrəmanı” Polkovnik-leytenant şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Partiyanın veteranı, 94 yaşlı Qəzənfər Musayev, Vətən müharibəsi qazisi Xəyyam Fətəliyev,YAP üzvü Aytac Məmmədova çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan ətraflı bəhs ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsindən danışılıb, torpaqlarımızın işğaldan azad edilməsi yolunda bir çox qəhrəman vətəndaşlarımız kimi YAP üzvlərinin də şücaət göstərdikləri, bu yolda canlarını qurban verdikləri diqqətə çatdırılıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxardığı Azərbaycan, hazırda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən, yeniləşən, müasirləşən ölkəyə çevrilib.
Tədbirin yekununda çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirdi ki, Yeni Azərbaycan Partiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonrada yüksək naliyyətlərə imza atacaqdır.
Tədbirin sonunda Kəlbəcər rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi, Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.