Məişət zorakılığı və onun qarşısının alınması yolları mövzusunda tədbir keçirilib.
20 oktyabr 2025 | 14:56
Kəlbəcər rayon İcra Hakimiyyətində baş tutan tədbirdə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.Daha sonra çıxışlara başlanılıb.
Çıxış edən natiqlər Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatı, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Heydər Bəylərov, Kəlbəcər rayon İcra Hakimiyyətini başçısı aparatı Hüquq şöbəsinin müdiri Faiq Mehdiyev, Kəlbəcər rayon RPŞ-nin məsul əməkdaşı, polis baş leytenantı Faiq Əhmədov, Kəlbəcər rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov və Kəlbəcər rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin , Polkilnika şöbəsinin rəisi Solmaz Şıxlıniski məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. Onlar qeyd ediblər ki, bu cür hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində bu gün də ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığı müasir cəmiyyət üçün böyük ictimai bəladır, bununla mübarizənin faydalılığı məişət zorakılığı qurbanlarının hüquqi və sosial sahələrdə mühafizə vasitələrinin mövcudluğundan asılıdır.
Eyni zamanda ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar, qısa və uzunmüddətli mühafizə orderi barədə ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, məişət zorakılığı həssas, ictimai, sosial bir mövzudur: “Məişət zorakılığı olan ailələrdə yetişən uşaqlar aqressiv və psixoloji problemli insanlar kimi formalaşır. Bu, təkcə dövlətin işi deyil, həm də cəmiyyətin, məsul insanların - ailə üzvlərinin, qohumların, qonşuların, bu ailə ilə bağlılığı olan təhsil və səhiyyə ocaqlarının da ümumi işidir. Bunun aradan qaldırılması istiqamətində yeni yanaşmalar, həll yolları tapmalı, dövlət və cəmiyyət olaraq birlikdə hərəkət etməliyik”.
Çıxışlarda həmçinin uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Qeyd edilib ki, uşaqların cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında, onların düzgün təlim-tərbiyə almasında ailə ilə yanaşı təhsil müəssisələrinin xüsusi əhəmiyyəti var, buna görə zorakılıq halları ilə mübarizədə aidiyyəti qurumların sıx əməkdaşlıq şəraitində çalışmaları zəruridir.






