“Məişət zorakılığının fəsadları və onun qarşısının alınması yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.
24 fevral 2026 | 10:32
Kəlbəcər rayon İcra Hakimiyyətinin, Kəlbəcər rayon üzrə Təhsil Sektorunun və rayon üzrə Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbdə ““Məişət zorakılığının fəsadları və onun qarşısının alınması yolları”” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Faiq Mehdiyev, Oqtay Cabbarov, Kəlbəcər rayon Gənclər və İdman Sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov və məktəbin müəllim və şagirdləri iştirak edib.
Mövzu ətrafında çıxış edən natiqlər məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərdən danışıb. Onlar qeyd ediblər ki, bu cür hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsinin dövlətimizin daxili siyasətində bu gün də ən mühüm prioritetlərdən biridir. Məişət zorakılığı müasir cəmiyyət üçün böyük ictimai bəladır, bununla mübarizənin faydalılığı məişət zorakılığı qurbanlarının hüquqi və sosial sahələrdə mühafizə vasitələrinin mövcudluğundan asılıdır.
Eyni zamanda ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar, qısa və uzunmüddətli mühafizə orderi barədə ətraflı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, məişət zorakılığı həssas, ictimai, sosial bir mövzudur: “Məişət zorakılığı olan ailələrdə yetişən uşaqlar aqressiv və psixoloji problemli insanlar kimi formalaşır. Bu, təkcə dövlətin işi deyil, həm də cəmiyyətin, məsul insanların - ailə üzvlərinin, qohumların, qonşuların, bu ailə ilə bağlılığı olan təhsil və səhiyyə ocaqlarının da ümumi işidir. Bunun aradan qaldırılması istiqamətində yeni yanaşmalar, həll yolları tapmalı, dövlət və cəmiyyət olaraq birlikdə hərəkət etməliyik”.
Çıxışlarda həmçinin uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Qeyd edilib ki, uşaqların cəmiyyətdə şəxsiyyət kimi formalaşmasında, onların düzgün təlim-tərbiyə almasında ailə ilə yanaşı təhsil müəssisələrinin xüsusi əhəmiyyəti var, buna görə zorakılıq halları ilə mübarizədə aidiyyəti qurumların sıx əməkdaşlıq şəraitində çalışmaları zəruridir.






