Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü Kəlbəcər rayonunda hörmət və ehtiramla anılıb.
12 dekabr 2025 | 15:19
İlk öncə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov. hüquq- mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RPŞ-nin əməkdaşları,rayon idarə və müəssisə rəhbərləri, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, şəhid ailələri, elm adamları, rayon ağsaqqalları və rayon ictimaiyyətinin nümayəndələri Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında dahi şəxsiyyətin büstü önünə gül qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.Çıxış edən natiqlər YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov, ADAU-nun Professoru Elman Mövsümov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin atası Vaqif Əliyev, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev, GDU və UTECA-nın müəllimi, fəlsəfə elmləri doktoru Seymur Xəlilov, Kəlbəcər rayon Ağsaqqallar Şurasının üzvü Şaban Qurbanov və Gəncə Dövlət Universitetinin müəllimi, doktorant Gülüstan Fərəcova dahi şəxsiyyət, uzaqgörən lider Heydər Əliyevin 1969-1982-ci ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirdiyini vurğulayaraq qeyd etmişdir ki, çətin bir şəraitdə, 1993-cü ildə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən Ümummilli lider Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi, balanslaşdırılmış xarici və daxili siyasəti məhv olmaq təhlükəsi ilə üzləşən ölkəni fəlakətdən qurtardı. Heydər Əliyevin 1993-cü ildə xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və xarici siyasət sahəsində də müsbət dəyişikliklər edilib.Ölkəmizin hərtərəfli inkişafında yeni imkanlar yaradılıb, məhz bu siyasətin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan,Cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində və Lokal Antiterror əməliyyatlarında mütləq tarixi Qələbə qazandı və ərazi bütövlüyümüzü təmin edilərək, suverenliyimiz bərpa olundu.
Natiqlər eyni zamanda dahi şəxsiyyət, əvəzolunmaz lider, xalqının inamını və sevgisini qazanmış Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız üçün gördüyü işlərdən,misilsiz xidmətlərindən söz açaraq qeyd etmişdir ki, ölkəmizin müasir tarixinin bütöv bir mərhələsi Ümummilli Liderin adı ilə bağlıdır.Xalqımız Azərbaycanın xilaskarı, müasir Azərbaycanın memarı və qurucusu,türk dünyasının böyük oğlu,dünya şöhrətli siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini heç vaxt unutmayacaq. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və öndər kimi daim qalacaqdır. Ulu Öndər Heydər Əliyev siyasətinin möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşiblər. Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.Azərbaycanın dövlət müstəqilliyi Ulu Öndər Heydər Əliyevin ideyalarının başlıca qayəsini təşkil etmişdir. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin məğrur və əzmkar fəaliyyəti ilə ölkəmizin müstəqilliyi daha da möhkəmləndi. Bu gün Azərbaycan, tarixin ən qüdrətli dövrünü yaşayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordu quruculuğu yüksək zirvəsinə çatmışdır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün davam edən Zəfər yürüşündə Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində işğal altında saxladığı tarixi ərazilərimizi düşmən tapdağından azad edərək Ulu Öndərin vəsiyyətini həyata keçirdi. Bu Qələbənin təməlində isə Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət, ölkə prezidenti cənab İlham Əliyevin iqtisadi yüksəlişə yönəlmiş dövlətçilik məfkurəsi, sarsılmaz siyasi iradəsi və ordu quruculuğuna sərf etdiyi illərin zəhməti dayanıb.
Həmişə olduğu kimi bu gündə bütün xalqımızla yanaşı Kəlbəcər rayon sakinləri də əbədiyaşar Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin sevgi və ehtiramla yad edirlər.
Qeyd edək ki, rəsmi ziyatərdən sonra, Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar ehsan süfrəsi açılmışdır.






