Prezident İham Əliyevin müvafiq sərəncamlarına əsasən Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların ailələrinə medal və vəsiqələrin təqdimetmə mərasimi keçirilib.
Kəlbəcər rayon İcra Hakimiyyətində Prezident İham Əliyevin müvafiq sərəncamlarına əsasən Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların ailələrinə medal və vəsiqələrin təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev və təltif olunan şəhidlərin ailə üzvləri iştirak ediblər.
İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbədən danışıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə bizim milli qürur mənbəyimiz, çox şərəfli tariximizdir. Bu Zəfəri xalqımıza yaşadan Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusudur. Daha sonra təltif olunan şəhidlərimizin keçdiyi döyüş yoluna nəzər salıb və onların qəhrəmanlıqlarından söz açılıb. Qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Azər Qocayev vətənə layiqli oğullar yetişdirdikləri üçün şəhid ailələrinə öz minnətdarlığını bildirib.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi Polkovnik-leytenant Nazim Çələbiyev şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından danışıb. 44 günlük Vətən müharibəsində Şanlı Qələbənin ən başlıca səbəbinin Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının, eləcə də milli birliyin, döyüşçülərimizin qəhrəmanlığının, vətənpərvərliyinin olduğunu diqqətə çatdırıb.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid Tağıyev Eşqin Asif oğlunun təltif olunduğu “Kəlbəcərin azad olunmasına görə” medalı, şəhid Muxtarov Taleh Həşim oğlunun təltif olunduğu “Suqovuşanın azad olunmasına görə” medalı, şəhid Qabilov İsmayıl Əli oğlunun təltif olunduğu “Kəlbəcərin azad olunmasına görə” medalı , şəhid Məhəmmədli İsmayıl Mahir oğlunun təltif olunduğu "Kəlbəcərin azad olunmasına görə" medalı , şəhid Abdullayev Şəhriyar Kamil oğlunun təltif olunduğu “Fizulinin azad olunmasına görə” medalı və vəsiqələri onların ailə üzvlərinə təqdim olunub.
Görüşdə iştirak edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.