Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq ili”çərçivəsində 18 oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz, əbədidir, daimidir,dönməzdir”mövzusunda tədbir keçirilib

16 oktyabr 2026 | 12:25

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının müavini  Fərqanə Əhmədova, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, RİH  başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin sektor müdiri Heydər Bəylərov, Kəlbəcər RİH yanında İctimai Şuranın sədri  Şaban Qurbanov ,Qərbi Azərbaycan İcmasının Kəlbəcər rayonu üzrə nümayəndəsi  Akif Bayramov, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısının müavini Fərqanə Əhmədova çıxışında bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixinin mühüm hadisələrindən biridir. Dövlət müstəqilliyinin əldə olunması Azərbaycan xalqının milli iradəsinin, azadlıq və dövlətçilik ideallarına sadiqliyinin parlaq ifadəsi kimi tarixə düşüb.

 

Qeyd olunub ki, müstəqilliyin ilk illərində ölkəmiz mürəkkəb ictimai-siyasi, iqtisadi və hərbi proseslərlə üz-üzə qalsa da, xalqımızın dövlətçilik iradəsi və milli həmrəyliyi sayəsində müstəqilliyin qorunub saxlanılması təmin edilib. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib, dövlət idarəçiliyinin əsasları möhkəmləndirilib və Azərbaycanın davamlı inkişafının möhkəm təməli yaradılıb.

 

Çıxışda Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycan güclü iqtisadi və siyasi potensiala malik dövlətə çevrilib, beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib.

 

Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycan dövlətinin gücünü və xalqımızın həmrəyliyini bütün dünyaya nümayiş etdirib. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu tarixi nailiyyət Azərbaycan dövlət müstəqilliyinin möhkəm əsaslar üzərində dayandığını bir daha təsdiq edib.

 

Kəlbəcərin işğaldan azad edilməsinin Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi, müasir infrastrukturun yaradıldığı və əhalinin doğma torpaqlarına qayıdışının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görüldüyü bildirilib.

 

 

Sonda bildirilib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əbədidir, daimidir və dönməzdir. Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi tarixi nailiyyətlər, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması xalqımızın müstəqillik ideallarının əzmlə və qətiyyətlə həyata keçirildiyini nümayiş etdirir.

 

Məruzə ilə çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində milli həmrəyliyin və dövlətçilik ənənələrinin mühüm rolundan bəhs edib. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, ölkəmizin qazandığı nailiyyətlərin siyasi sabitliyin, xalq-iqtidar birliyinin və məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğunu bildirib.

 

Kəlbəcər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Şaban Qurbanov çıxışında müstəqil dövlətin inkişafında vətəndaş cəmiyyətinin, ictimai iştirakçılığın və vətəndaş məsuliyyətinin əhəmiyyətinə toxunub. O, dövlət orqanları ilə ictimaiyyət arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin, milli dəyərlərin qorunmasının və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin müstəqilliyin möhkəmləndirilməsinə xidmət etdiyini qeyd edib.

 

Qərbi Azərbaycan İcmasının Kəlbəcər rayonu üzrə nümayəndəsi Akif Bayramov isə çıxışında tarixi torpaqlarımıza qayıdış məsələsinin milli yaddaşın qorunması və tarixi ədalətin bərpası baxımından əhəmiyyətini vurğulayıb. O, Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurdlarına qayıtmaq arzusunun milli birliyin və tarixi irsə bağlılığın ifadəsi olduğunu bildirib. Həmçinin bu istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin, beynəlxalq hüquqa əsaslanan mövqeyinin və tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

 

Tədbirin yekununda  Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin sektor müdiri Heydər Bəylərov çıxışında dövlət müstəqilliyinin qorunub saxlanılmasının və möhkəmləndirilməsinin hər bir vətəndaşın qarşısında mühüm vəzifələr qoyduğunu qeyd edib. O, Azərbaycanın müstəqillik tarixinin xalqımızın milli iradəsinin, azadlıq uğrunda mübarizəsinin və dövlətçilik ənənələrinə sadiqliyinin parlaq təcəssümü olduğunu vurğulayıb.

 

Heydər Bəylərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti nəticəsində Azərbaycan müstəqil dövlət kimi möhkəmlənib, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi Zəfərə imza ataraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. O, bu gün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin, o cümlədən Kəlbəcərdə aparılan bərpa tədbirlərinin müstəqil Azərbaycanın iqtisadi gücünün, siyasi iradəsinin və gələcəyə hesablanmış inkişaf strategiyasının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

 

Sektor müdiri vurğulayıb ki, müstəqilliyin qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və dövlətçilik prinsiplərinə sədaqətin gücləndirilməsi hər birimizin üzərinə düşən məsuliyyətli vəzifələrdəndir. O, Azərbaycanın dövlət müstəqilliyinin əbədi, daimi və dönməz olduğunu, ölkəmizin bundan sonra da inkişaf və tərəqqi yolu ilə inamla irəliləyəcəyini bildirib.

 

Keçidlər