“Şəhərsalma və memarlıq ili”çərçivəsində “İlham Əliyev-Qarabağımızın xilaskarı və qurucu memarı” mövzusunda tədbir keçrilib.
17 mart 2026 | 15:23
Gəncə şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, rayon fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Heydər Əliyev Mərkəzin qarşısında ucaldılan Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, ruhuna ehtiramları ifadə olunub, daha sonra Ulu Öndərin həyat və yaradıcılığından bəhs edən stendlərə baxış keçirlib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 yanvar 2026-cil il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2026-ci il “Şəhərsalma və Memarlıq İli” elan edilib. 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan edilməsi haqqında möhtərəm cənab Prezident İlham Əliyevin imzaladığı Sərəncam müasir dövrdə memarlığın və şəhərsalmanın ölkəmizin həyatında və insanların yaşadığı sağlam, əlverişli mühitin formalaşmasında oynadığı əhəmiyyətli rolun göstəricisidir”. Ulu Öndərin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri milli şəhərsalma konsepsiyasının müasir mərhələdə tətbiqinin bariz nümunəsidir. Heydər Əliyev Azərbaycan memarlığının dirçəlişi, milli üslubun müasir texnologiyalarla sintezi və Bakının modern şəhərsalma simasının formalaşmasında müstəsna rol oynamışdır. 1969-cu ildən başlayaraq tarixi-mədəni irsin qorunması, abidələrin bərpası və monumental tikililərin inşası ilə ölkədə memarlığın yeni intibah dövrünü yaratmış, bu qayğı ənənəsi hazırda uğurla davam etdirilir.
Daha sonra çıxış edən natiqlər, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Şaban Qurbanov, 55 nömərli Yol İstismarı İdarəsinin rəisi Firdovsi Qafarov, Aqrar elmləri üzrə fəlsəfə doktoru Seymur Xəlilov bildiriblər ki, milli memarlığa Heydər Əliyevin fenomenal qayğı ənənəsini bu gün Prezident İlham Əliyev layiqincə davam etdirir. İllər uzunu erməni işğalı altında olan torpaqlarımıza Böyük Qayıdış konsepsiyası, dağıdılan şəhər və kəndlərimizin yenidən qurulması, tarixi-memarlıq irsimizin bərpası ölkəmizdə memarlıq və inşaat fəaliyyətinin daha da genişlənməsinə şərait yaradıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması çağdaş tələblər səviyyəsində, yeni texnologiyaların, şəhərsalma standartlarının və memarlıq formalarının tətbiqi ilə gerçəkləşir. Abidələrin ilkin siması özünə qaytarılır, məhz dünənlə bu günün arxitektura vəhdətində XXI əsrin yeni Azərbaycan kənd və şəhərlərinin obrazı yaradılır. Qürur doğuran bu milli təəssübkeşliyin kökündə isə Ulu öndərin milli-mənəvi dəyərlərimizə, maddi mədəniyyətimizə böyük məhəbbəti dayanır.






