Şəhid Əhmədov Əhmədxan Məzahir oğlunun ailəsi və məzarı ziyarət edilib.
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tural Oruczadə,YAP Kəlbəcər rayon təşkilatının əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəlik əməkdaşları, şəhidin doğmaları, yaxınları, rayon ictimaiyyətinin nümayəndələri Şəhid Əhmədov Əhmədxan Məzahir oğlunun ailəsini və məzarını ziyarət ediblər.
Qeyd edək ki, şəhid Əhmədov Əhmədxan Məzahir oğlu 01 fevral 1999-cu ildə Daşkəsən rayonunun Quşçu kəndində anadan olub. 2006-cı ildə Gəncə şəhərində yerləşən Kəlbəcər 115 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2017-ci ildə orta məktəbi bitirib. 2020-ci il ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Ordusunun əsgəri olan Əhmədxan Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 12 noyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






