Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Həsənli Zərimxan Rafiq oğlunun məzarı ziyarət edilib.

12 oktyabr 2025 | 11:07
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Taleh Məmmədzadə Susuzluq və Ağdaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib, onların keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb.
44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şəhidlərimizinin əziz xatirəsinin daima xalqımız tərəfindən anılacağı vurğulanıb.
Qeyd edək ki, şəhid Həsənli Zərimxan Rafiq oğlu 07 dekabr 2001-ci ildə Mingəçevir şəhərində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2007-ci ildə Tərtər rayon Bəyimsarov kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2018-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib.
2020-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Zərimxan Həsənli 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Zərimxan Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində artilleriya komandasında iştirak etmişdir. Füzulinin və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə qumbaraatan olaraq vuruşmuşdur.
11 oktyabr 2020-ci ildə Füzuli-Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 12 oktyabr 2020-ci ildə Tərtər rayon Bəyimsarov kəndində dəfn edilib.
15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Cəbrayılın azad olunmasına görə", 24 iyun 2021-ci il tarixində "İgidliyə görə" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər
Keçidlər