Şəhid Heydərov Qismət İsmayıl oğlunun məzarı ziyarət edilib.
06 oktyabr 2025 | 17:24
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Taleh Məmmədzadə Dəmirçidam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları, şəhidin atasının çalışdığı Kəlbəcər rayonunda fəaliyyət göstərən təcili tibbi yardım xidməti stansiyasının kollektivi iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib, onların keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb.
44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şəhidlərimizinin əziz xatirəsinin daima xalqımız tərəfindən anılacağı vurğulanıb.
Qeyd edək ki, şəhid Heydərov Qismət İsmayıl oğlu 20 iyul 2002-ci ildə Goranboy rayonunun Erkəc kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2008-ci ildə Goranboy rayon Erkəc kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2018-2019-cu illərdə Goranboy rayon Qaraçinar kənd tam orta məktəbində təhsil alıb. 2019-cu ildə orta məktəbi bitirib. 2020-ci ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Qismət 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Qismət İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 3 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 04 oktyabr 2020-ci ildə Goranboy rayonunun Yolqulular kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə”, "İgidliyə görə" medalları ilə təltif edilmişdir.Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






