Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan leytenant Şirinov Ömər Muğan oğlunun 40 mərasimi keçirilib.
23 oktyabr 2022 | 17:13
Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəisi polkovnik-leytenant Nazim Çələbiyev, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə-müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.
Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub, şəhidimizin döyüş yolu barədə söhbət açılıb və şəhidlərimizin qanının yerdə qalmadığı bildirilib. Eyni zamanda qeyd olunub ki, Azərbaycan xalqı Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etdi. Üçrəngli bayrağımız Respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.
RİH-nin başçısı şəhid ailə üzvləri ilə yaxından maraqlanıb, qayğı və ehtiyaclarını öyrənib, onlara dərin hüznlə başsağlığı verib.
Şəhidin ailə üzvləri onlara göstərilən yüksək ehtiram və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.
Qeyd edək ki, Kəlbəcər rayonunun Qasımlar kənd sakini, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış. 20.09.1999-cu il təvəllüdlü, leytenant Şirinov Ömər Muğan oğlu sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən Laçın rayonu istiqamətində qəhrəmancasına şəhid olmuşdur.Şəhidimiz Goranboy rayonu Zeyvə kənd qəbirstanlığında dəfn edilib.
Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn igid oğullarımız daim xalqımızın qəlbində yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət etsin.
Vətən sağ olsun.!