Tariximizə qızıl hərflərlə yazılan 15 İyun - Milli Qurtuluş günü Kəlbəcər rayonunda qeyd edilib.
14 iyun 2025 | 11:01
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Kəlbəcər RİH-nin inzibati binasındakı büstü önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Kəlbəcər Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, Prezident cənab İlham Əliyevin Ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırmışdır. Eyni zamanda vurğulanmışdır ki, çox da uzaq olmayan həmin dövrü xatırlayanda bir daha aydın olur ki, tamamilə ümidsiz, çıxılmaz vəziyyətdə olan Azərbaycan dövlətçiliyi xalqın böyük oğlu, dünyada fenomen şəxsiyyət kimi qəbul edilmiş Ulu Öndər Heydər Əliyevin ağılı, zəkası ilə xilas oldu, dirçəldi və inkişaf etdi. Milli Qurtuluş Günü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biridir və bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması və bugünkü Zəfərlə nəticələndiyini vurğulamışdır.
Digər çıxış edən natiqlər YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Ramil Salmanov, Aytac Məmişova vurğulayıblar ki, 2020-ci ildə qazandığımız Zəfər məhz 15 iyun 1993-cü ildən Azərbaycan naminə, ölkəmizin inkişafı və Azərbaycanın bütövlüyü uğrunda aparılan mübarizənin, yürüdülən siyasətin hərbi-siyasi yekunu, möhtəşəm nəticəsidir. Bu Zəfər çoxəsrlik Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış parlaq hadisədir. Bu Ali Baş Komandan İlham Əliyevin, xalqımızın və rəşadətli Ordumuzun qazandığı böyük tarixi Zəfərdir. Natiqlər həmçinin bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin düşmən əsarətindən xilas edilməsinin ilkin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur.Bu gündə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Ümummilli Liderin qoyduğu siyasi xətt uğurla aparılır, Azərbaycanın hərtərəfli inkişafına töhfə verir.






