Vətən Müharibəsi Qəhrəmanı Şəhid Anar Əliyev adına inşa edilmiş bulaq kompleksinin açılışı olub.
Kəlbəcər rayon İcra Hakimiyyətinin dəstəyi, Kəlbəcər rayon Mədəniyyət şöbəsinin və Şəhidin ailə üzvlərinin birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi Qəhrəmanı Şəhid Anar Əliyevin adının əbədiləşdirilməsi məqsədi ilə Gəncə şəhəri, Avtozavod qəsəbəsində inşa edilən bulaq kompleksinin açılışı olub.
Açılış tədbirində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev,YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları, rayon idarə və müəssisə rəhbərləri, rayon təhsil şöbəsinin əməkdaşları,Kəlbəcər rayon 98 və 22 nömrəli tam orta məktəblərin kollektivləri, şəhidin ailə üzvləri, yaxınları, doğmaları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin ərazi bütövlüyü uğrunda Şəhid olan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra bulaq kompleksinin açılışı elan edilərək, Şəhidin əziz xatirəsi ehtiramla yad edilib.
YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov açılış mərasimində çıxış edərək Respublika Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərilir. H.Misirov şəhidlərin Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıqlardan söz açaraq, Ali Baş Komandanın rəhbərliyi altında igid oğullarımızın döyüş meydanında göstərdikləri şücaətin bu gün hər kəs üçün nümunə olduğunu söyləyib.
Daha sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Heydər Bəylərov çıxış edərək Şəhidlərin adlarına yeni bulaq komplekslərinin inşa olunaraq onların ailə üzvlərinə, eyni zamanda, sakinlərin istifadəsinə verilməsini şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə böyük diqqət və qayğı göstərməsindən söz açıb. H.Bəylərov ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Rayon rəhbərliyinə öz minnətdarlığını bildirib.
Daha sonra Şəhid Anar Əliyevin yaxın dostu Vidadi İbrahimov çıxış edərək şəhidin həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs edib. Bildirib ki, Anar Əliyev 2001-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Anar Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Anar Əliyev oktyabrın 21-də Xocavənd döyüşləri zamanı Tuğ istiqamətində şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Şəhidin atası Vaqif Əliyev və anası Səkinə Əliyeva bütün şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Rayon rəhbərliyinə ailələri adından minnətdarlıqlarını bildiriblər. Eyni zamanda bulağın ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə təşəkkürlərini bildiriblər.
Xatirə bulağının açılışında Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Sonda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və tədbir iştirakçıları tərəfindən şəhidin ev muzeyi ziyarət edilib, onun ruhuna dualar oxunub.
Şəhid Anar Əliyevin evində keçirilən görüşdə RİH başçısı Azər Qocayev ailənin problemləri və qayğıları ilə maraqlanıb, onların bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağını bildirib. RİH başçısı şəhidimizin keçdiyi döyüş yolu, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qazandığı qələbə və ölkəmizin gündən-günə artan nüfuzu haqqında məlumat verib.