“Vətən müharibəsi qəhrəmanları ilə bir gün” mövzusunda gənclərlə görüş keçirilib
Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kəlbəcər rayon 11 nömrəli tam orta məktəbdə “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” mövzusunda görüş keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə Kəlbəcər Rayon İcra Hakimiyyəti aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tural Oruczadə, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Mübariz Cəbrayılov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.
Tədbirin əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətinin gənc nəslə çatdırılması, müharibə iştirakçılarının qəhrəmanlıq nümunələrinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, eləcə də şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının vacibliyinin diqqətə çatdırılması olub.
Çıxışlarda Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş hazırlığı, şəxsi heyətin qəhrəmanlığı və fədakarlığı, xalqımızın milli birlik və həmrəyliyi nəticəsində əldə olunmuş tarixi Qələbənin ölkəmizin müasir tarixindəki müstəsna əhəmiyyəti vurğulanıb. Bildirilib ki, şəhidlərimizin Vətən naminə göstərdikləri misilsiz fədakarlıq, qazilərimizin şücaəti və müharibə iştirakçılarının döyüş yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Görüş zamanı qazilər və Vətən müharibəsi iştirakçıları döyüş xatirələrini şagirdlərlə bölüşüb, cəbhədə yaşadıqları hadisələrdən, Vətən uğrunda mübarizədə göstərdikləri şücaət və əzmkarlıqdan bəhs ediblər. Gənclərə Vətənə məhəbbət, dövlətə sədaqət, milli-mənəvi dəyərlərə hörmət və ölkəmizin tarixi nailiyyətlərinin qorunması istiqamətində tövsiyələr verilib.
Sonda şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb. Görüşün gənc nəslin milli ruhda və vətənpərvərlik ideyaları əsasında formalaşmasında, qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılmasında əhəmiyyətli rolu qeyd olunub.






