Vətən müharibəsi şəhidi Heydərov Qismət İsmayıl oğlunun ailəsi ziyarət edilmişdir.
21 iyul 2022 | 11:07
Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Eldəniz Mehtiyev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul şəxsləri Kəlbəcər rayonundan olan Vətən müharibəsi şəhidi Heydərov Qismət İsmayıl oğlunun Goranboy rayonunun Yolqulular kəndində məzarını, Gəncə şəhər Gülüstan qəsəbəsində isə ailəsini ziyarət etdilər.
Çıxış edənlər, Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdilər.
Şəhidin ailə üzvüləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Qeyd edək ki, evin tək oğlu olan Heydərov Qismət İsmayıl oğlu 20 iyul 2002-ci ildə Goranboy rayonunun Erkəc kəndində anadan olub. Əslən Kəlbəcər rayonundandır.
Azərbaycan Ordusunun əsgəri olan Qismət İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. 3 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olub. Subay idi. 04 oktyabr 2020-ci ildə Goranboy rayonunun Yolqulular kəndində dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “ İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun! Allah Şəhidlərimizin doğmalarına səbr versin!