Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi, mayor Mikayılov Azər Əmrah oğlunun məzarı ziyarət edilib.

12 oktyabr 2025 | 11:08
Ziyarətdə Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Tural Oruczadə, Qılınclı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidlərimizin ruhuna dualar oxunub, ehtiramla yad edilib.
44 günlük Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şəhidlərimizinin əziz xatirəsinin daima xalqımız tərəfindən anılacağı vurğulanıb.
Qeyd edək ki, şəhid mayor Mikayılov Azər Əmrah oğlu 1 avqust 1980 ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Mikayılovlar ailəsi Goranboy rayonunda yaşamağa başlayıblar. 1997-ci ildə orta təhsilini bitirdikdən sonra 1998-2002-ci illərdə Ali Hərbi Məktəbdə təhsil alıb. 2002-2003-cü illərdə təhsilini Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində davam etdirib leytenant hərbi rütbəsinə layiq görülüb. Daha sonra xidmətini Naxçıvan MR-nın N saylı hərbi hissəsində xidmətini kəşfiyyatçı kimi davam etdirib.2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Füzuli, Lələtəpə istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Azər Mikayılov əməliyyatlarda yaxından iştirak edərək böyük qəhrəmanlıq göstərmişdir.O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində yaxından iştirak etmişdir. A.Mikayılov Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və oktyabr ayının 12-də qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi. 12 oktyabr 2020-ci ildə Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra ona Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən "Qarabağ" ordeni, “Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə" medalları ilə xidmət dövründə isə I dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər