“Yol hərəkəti qaydalarına əməl etmək sizin sağlamığınızı və həyatınızı qoruyur” mövzusunda maarifləndirici tədbir keçirilib.
17 dekabr 2025 | 15:24
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları Faiq Mehdiyev, Nəsimi Muxtarov, Hikmət İsmayılov, Kəlbəcər RPŞ-nin DYP Bölməsinin YPX- nin baş inspektoru polis leytenantı Nəbi Xəlilov, Kəlbəcər RPŞ-nin DYP Bölməsinin YPX- nin inspektoru polis serjantı Tural Mehdiyev, Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbin təşkilatçı işlər üzrə direktor müavini Müzəffər Orucov və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxış edən natiqlər bildiriblər ki, maarifləndirici tədbirlərin keçirilməsində başlıca məqsəd yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdır. Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana biləcək təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət etməsi vacibdir. Onun üçün də onlar yol hərəkəti haqqında qanunda nəzərdə tutulan müddəalardan xəbərdar olmalıdırlar. Uşaqların təhlükəsizliyinin təmin olunmasında ən böyük vəzifə valideynlərin və müəllimlərin üzərinə düşür. Eyni zamanda vurğulanıb ki, bu kimi tədbirlərin bütün tədris ocaqlarında keçirilməsi vacibdir. Məktəbyaşlı uşaqların, yol hərəkəti qaydalarını öyrənmələri ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir. Uşaqlar küçə və yollarda bir növ sərbəst olur və təbiidir ki, onların hərəkətlərinə nə valideynlər, nə də müəllimlər nəzarət edə bilirlər. Odur ki, uşaqların yol hərəkəti qaydalarını bilmələri və küçədə ona əməl etməklə intizamlı olmaları çox vacibdir. Yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, uşaqların hadisələrdə zərər çəkmələri onların davranışından asılıdır. Məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin azalmasına kömək edə bilər.






