Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyəti və Kəlbəcər rayon Prokurorluğunun rayon sakinlərinə birgə müraciəti.

05 fevral 2021 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyəti və  Kəlbəcər rayon Prokurorluğunun rayon sakinlərinə birgə müraciəti.

Hörmətli  rayon sakinləri !
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 4-də Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman xalqa müraciət etmişdir. Dövlətimizin başçısı bildirmişdir ki, “Azad edilmiş torpaqların minalardan təmizlənməsi işi birinci dərəcəli vəzifədir. Bu işlər elə aparılmalıdır ki, işlər başa çatandan sonra hər hansı bir bədbəxt hadisə baş verməsin.Azad edilmiş torpaqlarda son günlərdə və müharibədən sonra əfsuslar olsun ki, bədbəxt hadisələr baş verir. Mən Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, onlardan xahiş edirəm ki, azad olunmuş torpaqlara icazəsiz, qanunsuz getməsinlər. Mən insanların bu addımlarını bir tərəfdən başa düşürəm, onlar uzun illər vətən həsrəti ilə yaşamışlar, hər bir keçmiş məcburi köçkün tezliklə öz doğma torpağına, doğma kəndinə qayıtmaq istəyir, ancaq xahiş edirəm ki, gözləsinlər. Bir qədər gözləsinlər ki, minalardan təmizləmə işləri başa çatsın. Çünki bu, böyük təhlükədir, həm piyadalara, həm avtomobillərə böyük təhlükədir. Müharibədən sonra bir neçə belə bədbəxt hadisə baş verib, insanlar həlak olub, yaralanıb. Eyni zamanda, postlarda dayanan əməkdaşlar da nəzarət işlərini daha ciddi təşkil etməlidirlər ki, azad edilmiş torpaqlara qanunsuz, icazəsiz gedişə son qoyulsun.
Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir.Odur ki, orada istənilən fəallıq, istənilən inkişaf minalardan təmizləmə işindən asılıdır. Ona görə, biz həm sürəti artırmalıyıq, eyni zamanda, minalardan təmizləmə işi elə aparılmalıdır ki, yenə də deyirəm, o işlər başa çatandan sonra hər hansı bir təhlükə olmasın.
Mən ardıcıllıqla bağlı öz fikirlərimi dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, birinci dərəcəli vəzifə minalardan təmizləmə işləridir. Sonra ziyanın qiymətləndirilməsi, ondan sonra artıq bərpa işləri aparılacaqdır.
Azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur, bu da təbiidir. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olmuşdur.
Yaşayış məntəqələrinə gəldikdə, biz, ilk növbədə, şəhərləri bərpa etməliyik. Ona görə, bütün şəhərlərin əraziləri birinci növbədə minalardan təmizlənməlidir. Bununla paralel olaraq, yaxın gələcəkdə bəzi kəndlərdə bərpa işlərinə start veriləcək və mən artıq bunu bildirmişəm”.
Kəlbəcər rayon İcra Hakimiyyəti, rayon Prokurorluğu ilə  birgə fəaliyyət göstərərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsinə nəzarət edir.Rayon əhalisi arasında maarifləndirmə və təbliğat işlərinin aparılması məqsədi ilə fevral ayının 10-da Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında rayon rəhbərliyinin və rayon prokurorluğunin iştirakı ilə bir qrup ağsaqqalla görüş keçiriəcəkdir.
Odur ki, Kəlbəcər rayon İcra Hakimiyyəti  və Kəlbəcər rayon Prokurorluğu  rayon sakinlərinə bir daha xəbərdarlıq edərək bildirir ki, işğaldan azad edilmiş ərazilərdə mövcud təhlükələri nəzərə alıb minalardan, eləcə də digər partlayıcı vasitələrdən tam təmizlənənədək və  gediş-gəlişə icazə verilənədək həmin bölgələrə səfər etməkdən  çəkinsinlər. Müvafiq icazəsi olmadan, polis postlarından yayınaraq  və ya onların haqlı təlbinə tabe olmayan,  işğaldan azad olunmuş ərazilərə qanunsuz daxil olan  şəxslər  haqqında  rayonun prokurorluğu tərəfindən qanunmüvafiq qaydada tədbir görüləcəkdir. 

 

 

Keçidlər