AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
S Ə R Ə N C A M I
A.S.Məmmədovun Kəlbəcər rayonu İcra
hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, “4” mart 2013-cü il
Məmmədov Aqil Sadıq oğlu haqqında qısa məlumat
Aqil Məmmədov 01 aprel 1960-cı ildə Kəlbəcər rayonu Ağdaban kəndində anadan olmuşdur. Ali təhsillidir. 1987-ci il də Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. 2009-2012-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil almışdır. O, 1976-cı ilin sentyabr ayında Kəlbəcər rayonundakı “Ağdaban“ kolxozunda kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. 1979 - 1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Sonralar Xanlar (hazırki Göygöl) rayonunda Həmkarlar İttifaqı, Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin sədri, Göygöl rayon İdman komitəsinin sədri, Göygöl rayonu “Məhsul” İdman Cəmiyyətində məşqçi müəllim, Göygöl şəhər 2 saylı tam orta məktəbində müəllim işləmişdir.
2006-cı ilin oktyabr ayından Kəlbəcər rayon İcra hakimiyyəti başçısı aparatında İctimai təşkilatlar və siyasi partiyalar şöbəsində böyük referent vəzifəsində çalışmış, 2008-2013-cü ildə Kəlbəcər rayon İcra hakimiyyəti başçısının I müavini vəzifəsində işləmişdir. 4 mart 2013-cü il tarixdən isə Kəlbəcər rayon İcra hakimiyyəti başçısı vəzifəsində işləyir. Ailəlidir. 2 övladı var.