Şriftin ölçüsü :

Saytın rəngi :

Milli qəhrəmanlar

 

        Səfərov Sərdar Mədət oğlu

 

Səfərov Sərdar Mədət oğlu 12 avqust 1960-cı ildə Kəlbəcər rayonunda doğulub. 1977-ci ildə orta məktəbi bitirib və kolxozda işləyib. 1979-cu ildə hərbi xidmətə gedib. Hərbi xidməti Ermənistan və    Gürcüstan Resbublikalarında keçirib. O, 1981-ci ildə ordudan tərxis olunur. 1982-ci ildə Bakı Avtomobil Zavoduna işə düzəlir. Bir müddət burada çalışır. Daxili işlər orqanlarında işləmək arzusu onu Tula vilayətinə aparır. O, Zaoks rayonunda 3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində polis kimi xidmət edir.
     Təhsilini davam etdirmək üçün xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-in Kaunas Xüsusi Polis Məktəbinə göndərilir. 1987-ci ildə təhsilini başa vurub, köhnə iş yerinə qayıdır. Nümunəvi polis işçisi olduğu nəzərə alınaraq, sahə müvəkkili vəzifəsinə təyin edilir. Gecə-gündüz qəlbi Vətənlə idi. Elə buna görə də Azərbaycana qayıdır. 1991-ci ildən Qusar rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətə başlayır.
    1991-ci il sentyabrın 25-də erməni terrorçuları Əsgəran rayonunun ərazisində “QAZ-53” markalı sərnişin avtobusuna hücum edirlər. Köməyə gələn istintaq qrupunun tərkibində baş leytenant S.Səfərov da var idi. Onun istintaq qrupununda müstəntiq işləməsi barədə təzəcə sərəncam verilmişdi. Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Xankəndi yaxınlığındakı “Ağa körpüsü”ndə erməni yaraqlılarının təcavüzünə məruz qalırlar. Səfərov Sərdar Mədət oğlu yoldaşlarını xilas edərkən qəhrəmancasına həlak olur.
     S.Səfərov Kəlbəcər rayonunda dəfn edilmişdir.
    Azərbaycan Resbublikasının Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə mayor Səfərov Sərdar Mədət oğluna ölümündən sonra “Azərbaycanın      Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
     Adına Kəlbəcər və Qusar rayonunda, Bakı şəhərində küçə var.Qusar rayonunda baraleyfi qoyulub.
   

        Şükürov Şahlar Əvəz oğlu

  

Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti ) daxil olur. 1972-ci ildə təhsilini bitirdikdən sonra hərbi xidmətə çağrılır. Ordu sıralarından tərxis olunduqdan sonra Bakıdakı islah-əmək müəssisələrinin birində işləyir. Sonra fəaliyyətini Ucar rayon Daxili İşlər Şöbəsində davam etdirir.
     1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirir. 1987-ci ildə Zərdab rayon DİŞ-də əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilir. Polis mayoru rütbəsinədək yüksəlir. O, tez-tez qaynar nöqtələrdə olur, erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak edirdi. 1990-cı il iyul ayının 11-də hərbi qulluqçuların müşayəti ilə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisindən keçərkən, düşmənin qəfil hücumu ilə rastlaşdı. O, bu qeyri-bərabər döyüşdə son nəfəsinəcən döyüşür və qəhrəmancasına həlak olur.
     Ailəlidir. İki övladı yadigar qalıb.
  Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğluna ölümündən sonra   “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
     Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilmişdir.
     Zərdab rayonunda adına küçə var. Rayondakı məktəblərin birinə onun adı verilmişdir.

 

 

Əliyeva Hökümə Cəlil qızı

 

Əliyeva Hökümə Cəlil qızı 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. Ailəsi 1993-cü ildə kəndlərinin işğalı səbəbindən məcburi köçkün düşərək Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə Rusiyaya köçüb və bir müddət Volqoqrad vilayətində yaşamışdır. Hökümə Əliyeva burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökümə Əliyeva burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Təhsilini magistr və doktorantura pillələrində də davam etdirən Hökümə Əliyeva 2016-cı ildən etibarən Azərbaycan hava yollarında işləməyə başlayıb. Əvvəlcə tərcüməçi olaraq fəaliyyətə başlayan Hökümə Əliyeva daha sonra Azərbaycan Hava Yolları (AZAL) şirkətində stüardessa kimi işə davam edib. Yaxın günlərdə isə Azərbaycan Hava Yolları (AZAL) şirkətində hüquqşünas kimi fəaliyyətə başlayacaqdı. 25 Dekabrın 2024-cü ildə AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. O, təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biridir. 33 yaşlı Hökümə Əliyeva son ana qədər sərnişinlərə təlimat verib və onlara “Hər şey yaxşı olacaq” deyərək təmkinli olmağa səsləyib. Ailəli idi. AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunub. Prezident İlham Əliyevin "Embraer 190" tipli sərnişin təyyarəsində qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında 29 dekabr 2024-cü il Sərəncamına görə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif olunub.

 

Əliyev Anar Vaqif oğlu

Vətən Müharibəsi Qəhrəmanı

 

 

 

 

 

 

 

 

 

 

 

Anar Əliyev 28 avqust 1980-ci ildə Kəlbəcər rayonunun Boyaqlı kəndində müəllim ailəsində dünyaya göz açmışdır.  

Anar valideynlərinin iş yeri ilə əlaqədar keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ağdərə rayonunun Həsənqaya sovetliyinin Göyarx kəndinə köçmüş və 1986-cı ildə burada yerləşən rus dilli Levonarx kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1988-ci ilə qədər burada təhsil almışdır. 1988-ci ildə Qarabağ müharibəsi başlamışdır. Bu zaman Anar Əliyevin ailəsi hücumlardan başlayan deportasiyalar nəticəsində Tərtər rayonunun Bəyimsarov kəndinə köçmüşdür.  Anar Əliyev burada təhsilini azərbaycan dilində davam etdirmişdir. 1993-cü ilə qədər bu məktəbdə təhsil almışdır. 1993-cü ildə Şəmkir rayonunun Çaykənd kənd tam orta məktəbində təhsilini davam etdirmiş, 1995-ci ilə, 9-cu sinifə qədər bu məktəbdə təhsil almışdır.

1995-ci ildə 9-cu sinifdə oxuyarkən Cəmşid Naxçıvanski adına hərbi liseyə imtahanla qəbul olmuşdur. 1997-ci ilə qədər bu liseydə təhsil almışdır. 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuşdur. 2001-ci ildə ali hərbi məktəbi "qoşun kəşfiyyatı" ixtisası ilə bitirmişdir. Həmin il hərbi vəzifəsinə başladıqdan sonra Müdafiə Nazirliyinin əmrinə əsasən xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisas kursunun dinləyicisi vəzifəsinə təyin olunmuşdur.

Anar Əliyev 2012-2014-cü illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilini davam etmişdir.

2001-ci ildə ali hərbi təhsilini başa vuran Anar Əliyev Müdafiə nazirinin 25.08.2001 tarixli əmrinə əsasən "leytenant" rütbəsi ilə Bakıda yerləşən "N" saylı kəşfiyyat briqadasında hərbi vəzifəsinə başlamışdır.

2002-ci ildə dinləyici kursunu bitirmiş və "N" saylı hərbi hissədə xidmətə davam etmişdir. Anar Əliyev 04.09.2002-ci ildən 01.05.2004-cü ilədək hərbi hissənin xüsusi təyinatlı taqım komandiri olmuşdur. 04.09.2003-cü ildə "baş leytenant" rütbəsi almışdır. 01.05.2004-cü ildən 20.12.2006-cı ilədək hərbi hissənin xüsusi təyinatlı qrup komandiri, 20.12.2006-cı ildən 12.04.2007-ci ilədək bölük komandiri vəzifəsində xidmət etmişdir. 15.12.2007-ci il tarixdə ona "kapitan" rütbəsi verilmişdir. 12.04.2007-ci ildən 26.01.2008-ci ilədək taborun bölük komandiri, 26.01.2008-ci ildən 15.06.2009-cu ilədək xüsusi təyinatlı dəstə komandirinin müavini vəzifələrini icra etmişdir. 15.06.2009-cu ildən 07.09.2012-ci ilədək xüsusi təyinatlı dəstə komandiri vəzifəsini icra etmişdir. Müdafiə Nazirliyinin iyun 2012-ci il tarixli əmrinə əsasən Anar Əliyevə "mayor" rütbəsi verilmişdir.

2014-cü ildə Hərbi Akademiyanı bitirərək Müdafiə Nazirliyinin əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının Hərbi Komandanlığına sərəncama göndərilmişdir.

Müdafiə Nazirliyinin iyun 2015-ci il tarixli əmrinə əsasən Anar Əliyevə müstəsna xidmətlərinə görə vaxtından əvvəl "polkovnik-leytenant" rütbəsi verilmişdir.

Anar Əliyev 18.07.2014-cü ildən 01.05.2015-ci ilədək "N" saylı hərbi hissənin qərargah rəisi, 01.05.2015-ci ildən 27.08.2018-ci ilədək komandir, 27.08.2018-ci ildən 13.06.2020-ci ilədək hərbi hissənin komandiri vəzifəsini icra etmişdir. 13.06.2020-ci il tarixdə hərbi hissənin komandir müavini vəzifəsinə təyin olunan polkovnik-leytenant Əliyev bu vəzifəni 2020-ci ilin oktyabrın 17-dək icra etmişdir.

Həmçinin, Anar Əliyev qüsursuz xidmətlərinə görə bir neçə dəfə qiymətləndirilmişdir. 26.06.2008 tarixli əmrə əsasən qüsursuz xidmətinin 10 illiyinə görə 3-cü dərəcəli, 26.06.2014 tarixli əmrə əsasən qüsursuz xidmətinin 15 illiyinə görə 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilmişdir. O, xidməti nəticəsində USTA dərəcəsi də almışdır.

Anar Əliyev təlimlərdə əldə etdiyi təcrübələrdən kəşfiyyata aid dərslik kitabı yazmaq istəyirdi.

Anar Əliyevin iştirak etdiyi təlimlər 2003–2019-cu illəri əhatə edir. 3 noyabr-21 noyabr 2003-cü ildə Türkiyə Respublikasında "təməl paraşüt" kursunda, 2005-ci ildə Macarıstanda "ingilis dili" kursunda, 9 yanvar – 17 fevral 2006-cı ildə Çexiyada "sülhməramlı əməliyyatlar üçün təlimatçı" kursunda, 17 yanvar – 2 fevral 2007-ci ildə İsveçrə Konfederasiyasında "qış dağ" kursunda, 2009-cu ildə Rumıniyada "hərbi əməkdaşlıq və təcrübə mübadiləsi", həmçinin, həmin ildə Türkiyədə keçirilən "sərbəst paraşüt" kurslarında, 18 yanvar-12 fevral 2010-cu ildə Sloveniyada "təkmilləşdirilmiş qış-dağ" kursunda, 7 may-13 may 2010-cu ildə İordaniya Krallığında baş tutan SOFEX-2010 (az. Xüsusi Əməliyyat Qüvvələri Sərgisi - 2010) hərbi sərgisində iştirak etmişdir. O, sonuncu dəfə 2019-cu ilin iyulundan 2020-ci ilin yanvarınadək davam edən Pakistanda 5 aylıq kurslardan keçmişdir.

2018-cı il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasında Azərbaycan və Ermənistan arasında Günnüt kəndi uğrunda döyüşlər baş verib. Bu döyüşlər Azərbaycan-Ermənistan münaqişəsi tarixinə Günnüt əməliyyatı kimi yazılmışdır. Anar Əliyev bu zaman Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun təcrübəli zabiti idi və özü bu döyüşlərdə yaxından iştirak edirdi. 7 gün davam edən bu döyüşlər və Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı və Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun atəş nəzarəti altına keçib.

2018-ci ilin mayın 20-dən 27-nə qədər davam edən Günnüt əməliyyatında yaxından iştirakına, döyüşlərdə fərqlənməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 26.06.2018-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev "Şücaətə görə" medalı ilə təltif edilmişdir.

2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə məruzə ediləndən sonra səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.

27 sentyabr 2020-ci ildən başlanan Vətən müharibəsi zamanı Anar Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı briqada komandiri idi. O, müharibənin ilk 13 günü Naxçıvanda xidmət etmiş, lakin, Komandanlığa müharibədə iştirak üçün müraciət etmişdir.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanının 11 oktyabr 2020-ci il tarixli 0120 saylı Sərəncamına əsasən Anar Əliyev Vətən müharibəsində iştirak etməyə başlamışdır. Müharibənin Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd cəbhəsində fərqlənmişdir. Xocavənd rayonu ərazisində 10 gündən çox davam edən döyüşlərin nəticəsi olaraq strateji əhəmiyyətə sahib olan Hadrut qəsəbəsi işğaldan azad edilmişdir. Onun da rəhbərliyi altında gedən döyüşlər və komandirliyini etdiyi xüsusi təyinatlı briqadanın fərqlənməsi nəticəsində 14 oktyabr tarixində Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Təkə, Tağaser kəndləri Azərbaycan qoşunları tərəfindən azad olunmuşdur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da iştirak etdiyi əməliyyatlar nəticəsində 15 oktyabr tarixində Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Ciraquz kəndləri işğaldan azad edilib. 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad etmişdir. 17 oktyabr tarixində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır. Həmin gün Anar Əliyev "N" saylı hərbi hissənin komandiri vəzifəsinə təyin olunmuşdur. Anar Əliyevin qrupu Füzuli rayonunda yerləşən Məngələnata dağı və Qacar kəndində yerləşən Şaqriven dağı istiqamətində irəliləyərək Tehran Mənsimovun qrupuna yol açmışdır. 20 oktyabr tarixində bir neçə gün davam edən əməliyyatlar nəticəsində digər rayonlarının bir çox yaşayış məntəqəsi kimi Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri işğaldan azad edilmişdir. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan tam azad edildiyini açıqlamışdır. Anar Əliyev Zəngilanın azad edilməsi üçün həyata keçirilən hərbi əməliyyatların rəhbərlərindən biri olaraq Zəngilan şəhərinin azad edilməsini Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun bir qrup hərbi qulluqçusu ilə birlikdə İlham Əliyevə məruzə etmişdir.

Anar Əliyev sonuncu dəfə Füzuli-Xocavənd istiqamətində vuruşmuşdur. Komandirliyini etdiyi briqadanın da iştirak etdiyi son əməliyyatlar nəticəsində, 21 oktyabr tarixində Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri işğaldan tam azad edilmişdir.

Həmin gün Xüsusi Təyinatlı Qüvvələrin Komandan müavini Zaur Cavanşir və keçmiş Komandan müavini Kənan Seyidov tərəfindən Anar Əliyevə Xocavənd-Şuşa istiqamətində Azərbaycan Ordusunun Şuşaya daxil olmasında böyük rol oynayacaq strateji yüksəkliklərin, xüsusilə, "772 metr" yüksəkliyinin, Xocavənd rayonunun Tuğ kəndinin azad edilməsi həvalə edilmişdi.

Döyüş yoldaşlarının dediklərinə görə, o, qəfildən əvvəlcə, sağ qolundan, sonra isə gözündən vurulmuşdu. Ona ilk tibbi yardım edən leytenant Adil Əfəndiyev olur. Əsasnaməyə görə, zabiti feldşer və ya sanitar çıxarmalı olsa da, israrla Adil Əfəndiyev qabağa atılır. Anar Əliyevin gözünə iynə vurur. Lakin, yaxınlıqda olan qarşı tərəfin açdığı güllə Adil Əfəndiyevin ürəyinə dəyir, həmçinin, qarşı tərəfin atdığı əl qumbarası onların yaxınlığında partlayır. Açılan intensiv atəş və atılan əl qumbarasından ağır yaralanan polkovnik-leytenant Anar Əliyev və leytenant Adil Əfəndiyev 21 oktyabr tarixində şəhid olurlar.

23 oktyabr tarixində onun nəşi mühasirədən çıxarılaraq Füzulidə yerləşən diaqnostika mərkəzinə gətirilmişdir. 24 oktyabr tarixində diaqnostika mərkəzindən boya-başa çatdığı Tərtər rayonunun Bəyimsarov kəndinə son vida mərasimi üçün gətirilmişdir. Son vida mərasimindən 1 gün sonra, 25 oktyabr 2020-ci ildə izdihamla, Müdafiə Nazirliyinin təşkil etdiyi yaylım atəşləri və Azərbaycanın himn sədaları altında II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Keçidlər